Qusarda stolüstü tennis üzrə rayon turniri keçirilib
20 iyul 2026 | 19:02
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Qusar şəhərinin Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə stolüstü tennis üzrə rayon turniri keçirilib.
Turnirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, sektorun əməkdaşları, məşqçi-müəllimlər, eləcə də 14 yaşadək və 14–16 yaş kateqoriyaları üzrə idmançılar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov bütün turnir iştirakçılarını salamlayaraq, idmançılara uğurlar arzu edib. O, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas istiqamətləri, Gənclər və İdman Nazirliyinin ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasındakı rolu barədə ətraflı məlumat verib. Emil Əmirmətov həmçinin bildirib ki, bu cür yarışların keçirilməsi gənclərin sağlam həyat tərzinə cəlb olunması və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Gərgin idman mübarizəsi şəraitində baş tutan yarışda iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər. Turnirin sonunda fərqlənən idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar, eləcə də onlara"İSFA" şirkəti tərəfindən pul mükafatları təqdim olunub.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd ölkəmizdə dövlət gənclər siyasətinin, idmanın inkişafına dəstək vermək, stolüstü tennis idman növünün Qusar rayonunda gənclər arasında təbliğini genişləndirmək, sağlam həyat tərzini təşviq etmək, gənc idmançıların yarış təcrübəsini artırmaq və onların idmana olan marağını daha da yüksəltməkdən ibarət olub.






