05.06.2025-ci il tarixində Qusarda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub
05 iyun 2025 | 21:20
Qusar rayonunda 5 iyun "su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı qeyd edilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində davam etdirilən tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib. RİH başçısı qeyd edib ki, Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Onun ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da genişmiqyaslı işlər, təxirəsalınmaz layihələr həyata keçirilir, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsi yaxşılaşdırılır. Qeyd edilib ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən «Meliorasiya və İrriqasiya haqqında» Qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.
Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizov da tədbirdə çıxış edərək rəhbərlik etdiyi kollektivə peşə bayramları münasibətilə səmimi təbriklərini çatdırıb. O, qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında su təsərrüfatı və meliorasiya sahəsinin rolu danılmazdır. Çıxışında ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və dəstəyə xüsusi toxunan idarə rəisi, dövlət tərəfindən həyata keçirilən kompleks layihələrin həm texniki bazanın gücləndirilməsi, həm də əməkdaşların sosial rifahının yaxşılaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Sonda idarə rəisi rəhbərlik etdiyi kollektiv adından göstərilən etimada və qayğıya görə ölkə rəhbərliyinə və yerli icra hakimiyyətinə minnətdarlığını ifadə edib, qarşıda duran vəzifələrin icrası istiqamətində daha əzmlə çalışacaqlarını bildirib.






