Qusarda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
12 dekabr 2024 | 16:41
Qusar rayonunda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin muzeyinə baxış keçirilib.
Mərkəzin iclas zalında davam etdirilən tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini, azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirən “Xalqa bağışlanan ömür” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin dünyada tanıdılmasına və hərtərəfli inkişafına nail olduğunu vurğulayan icra başçısı Ulu Öndər tərəfindən görülən təqdirəlayiq işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq bu gün xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini qeyd edib.
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxışında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edib. Onun əsasını qoyduğu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə çıxış edən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Abdullayeva daima xalqın tərəqqisi və inkişafı naminə çalışmış dahi şəxsiyyət Heydər Əliyevin gənclər siyasətindən bəhs edib. Bu uğurlu siyasətin milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, onların sağlam düşüncəli və vətənpərvər ruhda böyüməsi amallarına xidmət etdiyini qeyd edib.
Tədbirlərin davamı olaraq Rayon İcra Hakimiyyəti tərəfindən ağsaqqallar, şəhid ailələri və aztəminatlı ailələr, Vətən müharibəsi iştirakçıları, qazilər üçün Heydər Əliyevin anım günü ilə əlaqədar 200 nəfərlik ehsan süfrəsi təşkil olunub.
Sonda şəhid ailələrinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “44 gün-tarixi zəfər” adlı xatirə kitabları təqdim olunub.