Qusarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Oxu bayramı" keçirilib
06 iyun 2026 | 10:11
İyunun 5-də Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə şəhər Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Oxu bayramı" keçirilib.
Tədbirdən əvvəl parkda kitab, rəsm və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, digər idarə və müəssisə rəhbərləri sərgidə nümayiş olunan müxtəlif müəlliflərin kitabları, rəsmlər və digər əl işləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon Mərkəzi Kitabxanasının müdiri Gültəkin Pənahova bütün tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu cür tədbirlərin təşkilində əsas məqsəd gənc nəslin kitab oxumağa marağını artırmaq, milli-mənəvi dəyərlərimizin təbliğ olunmasıdır. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bütün tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilində əməyi olan bütün təşkilatçılara öz minnətdarlığını bildirib. İcra başçısı çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar keçirilən oxu bayramı rəmzi əhəmiyyət daşıyır, çünki Heydər Əliyev elmin, maarifin inkişafını dövlət siyasətinin prioritet istiqaməti elan etmişdir. Rayon rəhbəri qeyd edib ki, mütaliə cəmiyyətin intellektual potensialının formalaşmasının, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinin əsas mexanizmidir və informasiya bolluğu dövründə insanı səthi bilgilərdən qoruyan yeganə vasitə sistemli kitab oxumaqdır. Sahir Məmmədxanov nitqində bildirib ki, tarixən maarifçilik ənənələrinə sadiq olan Qusar rayonunda müasir dövrün tələblərinə uyğun olaraq onlayn kitabxana sisteminin yaradılması istiqamətində müvafiq addımların atılması zəruridir. İcra başçısının çıxışından sonra İctimai televiziyada yayımlanan “Əlaçı” intellektual yarışmasının qalibləri: şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Sultanov Tural Araz oğluna və şəhər 2 saylı tam orta məktəbin şagirdi İsabalayeva Samirə Tehran qızına, o cümlədən “Sərhəd” hərbi-idman oyunlarında parlaq qələbə qazanmış Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin “Zeyxur” komandasının üzvləri və hərbi müəlliminə Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qeyd edib ki, kitab insan şüurunun yaddaşı, millətin mənəvi sərvətidir və kitab oxumayan cəmiyyət öz tarixini, dilini, mədəniyyətini itirmək təhlükəsi ilə üzləşir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və Heydər Əliyev ideologiyasına sadiq vətəndaşlar kimi yetişməsi üçün kitabxanalarla əməkdaşlıq, kitab təbliğatı və ədəbi-mədəni tədbirlərin təşkili davamlı xarakter daşımalıdır.
Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva və əməkdar jurnalist, uzun illər “Qusar” qəzetinin baş redaktoru olmuş Vidadi Sevzixanov gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasında belə maarifləndirici tədbirlərin mühüm rola malik olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, oxu mədəniyyətinin formalaşdırılması, gənclərdə analitik təfəkkürün, tədqiqat marağının, bədii zövqün inkişaf etdirilməsi istiqamətində kitabxanaların və digər mədəniyyət ocaqlarının çox böyük rolu var. “Oxu bayramı” kimi layihələr də bu baxımdan mühüm platformadır və gələcəkdə də belə tədbirlərin daha geniş miqyasda təşkili vacibdir.
Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi İlkin Abuyev, şəhid Oleg Cəfərovun anası Tinatin Cəfərova, şəhid Sultan Şahvələdovun anası Məlahət Şahvələdova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eyvaz Güləliyev, şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Telli Davudova gəncləri mütaliəyə daha çox maraq göstərməyə, savadlı, dünyagörüşlü və vətənpərvər gənclər kimi yetişməyə çağıraraq belə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqilər ifa edilib, rəqs kompozisiyaları təqdim edilib. Rəngarəng çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.






