Qusarda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Qusar rayonunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Qusar rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının ifasında "Xocalı soyqırımı qan yaddaşımızdır" adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyadan əvvəl Ulu Öndər Heydər Əliyevin, ölkəmizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalıda həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Qarabağ müharibəsinin iştirakçıları , şəhid ailələrinin tədbirdə iştirak edən üzvləri görüşüb, onların yaşayış şəraiti, problemləri ilə maraqlanıb.
Tədbirin davamı olaraq saat 17:00-da bütün rayon ərazisində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gün ərzində Qusar rayonu ərazisində yerləşən mədəniyyət və təhsil müəssisələrində də Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər təşkil olunub. Məktəblərdə ilk dərslər Xocalı hadisələrinə həsr olunub.