QUSARDA ZƏFƏR FORUMU KEÇİRİLDİ
Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 25-də Qusar rayonu olub. Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının iştirakı ilə keçirilən Zəfər forumu Qusar rayon Mədəniyyət Mərkəzində təşkil olunub. Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər. Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov forum iştirakçılarını salamlayıb. Bütün xalqımız kimi qusarlıların da hər zaman Heydər Əliyev ideyalarına sadiq olduqlarını qeyd edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açıb. Növbəti Zəfər Forumunun Qusarda keçirilməsini onlara göstərilən böyük etimad kimi dəyərləndirib və bundan sonra da Vətənə, xalqa, dövlətə sadiq vətəndaşların yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bu Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətinin, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və Prezident İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu qeyd edib. Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər. Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub. Daha sonra tədbir mərkəzi meydanda davametdirilib. Tədbir iştirakçıları əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını, əskərlərinin nümunəvi çıxışlarını alqışlarla qarşılayıblar. Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib. Qeyd edək ki, növbəti forumlar Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.