Qusarda “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram konserti keçirilib
08 noyabr 2026 | 13:51
Noyabrın 7-də Qusar şəhərinin General Mahmud Əbilov adına Mərkəzi Meydanında 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram konserti keçirilib.
Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsert proqramında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov, RİHB Aparatının məsul şəxsləri, rayonun idarə, müəssisə rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram konsertində xalqımızın tarixi Zəfərinin doğurduğu qürur və sevinc, Vətənə məhəbbət, milli birlik və dövlətçilik ruhu musiqi və rəqs nömrələri vasitəsilə ifadə olunub. Tanınmış müğənnilərin ifasında Vətənə, Qarabağa və üçrəngli Azərbaycan bayrağına həsr edilmiş mahnılar səsləndirilib. “İkram” ritm qrupunun və rəqs kollektivlərinin təqdim etdiyi çıxışlar tədbirə xüsusi rəng qatıb. Zəngin konsert proqramı sakinlər tərəfindən alqışlarla müşayiət olunub.
Bayram konsertində çıxış edən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Milli Məclisin deputatı Azər Badamov 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə rayon sakinlərini, Azərbaycan xalqını təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Konsert proqramı atəşfəşanlıqla başa çatıb.






