Qusarlı gənc alim Camirzə Ağacanov fəlsəfə doktoru elmi dərəcəsini alıb
02 noyabr 2026 | 10:29
Azərbaycanda təhsil alaraq əldə etdiyi bilik və bacarıqları, elmi və peşəkar potensialını doğma Vətəninin tərəqqisinə həsr etməyi ali məqsəd kimi qarşısına qoyan gənclərimizin olması qürurverici və sevindirici haldır. Belə gənclərdən biri də istedadlı alim, Qusar rayonunun yetirməsi Camirzə Hörmət oğlu Ağacanovdur.
Camirzə Ağacanov 1995-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub. 2012-ci ildə doğulduğu kənddə tam orta ümumtəhsil məktəbini əla qiymətlərlə başa vurub. Hələ məktəb illərindən elmə, biliyə dərin maraq göstərən Camirzə respublika fənn olimpiadalarında fəal iştirak edərək bir dəfə birinci, bir dəfə üçüncü yerə layiq görülüb.
Camirzə Ağacanov ali məktəblərə qəbul imtahanlarında 608 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. 2014-cü ildə təhsilini Bakı Dövlət Universitetinin kompüter elmləri ixtisası üzrə davam etdirib. 2018-ci ildə universitetin bakalavr pilləsini uğurla bitirən gənc elə həmin il kompüter elmləri ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. "Kompüter sistemləri və şəbəkələrinin proqram təminatı" istiqaməti üzrə ixtisaslaşaraq 2020-ci ildə magistr dərəcəsini alıb.
Elmi axtarışlarını ardıcıl şəkildə davam etdirən gənc mütəxəssis 2021-ci ildə "Sistem analizi, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə fəlsəfə doktoru proqramına qəbul olunub.
Aparılan uzunmüddətli və məqsədyönlü elmi tədqiqatların məntiqi nəticəsi olaraq, 30 may 2025-ci il tarixində “Kommersiya banklarında risklərin qiymətləndirilməsi və idarə olunması üçün neuro-fuzzy modellərin və instrumental vasitələrin işlənməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
Camirzə Ağacanovun elmi fəaliyyəti ilə yanaşı, zəngin əmək təcrübəsi də xüsusi diqqətəlayiqdir. O, müxtəlif illərdə Bakı Dövlət Universitetində müəllim, Dövlət İmtahan Mərkəzində məsləhətçi, “Metak” şirkətində və “Avrasiya Bank” ASC-də proqramçı vəzifələrində çalışıb. Hazırda “PAŞA Holding”ə daxil olan “PAŞA Həyat Sığorta” ASC-də fəaliyyətini davam etdirir.
30 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Camirzə Ağacanovun fəlsəfə doktoru elmi dərəcəsi alması barədə qərarı təsdiq edib.
Gənc alimə gələcək elmi fəaliyyətində yeni-yeni nailiyyətlər, müvəffəqiyyətlər arzulayırıq!






