Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı idmançı beynəlxalq turnirdə inamlı qələbə qazanıb

23 may 2025 | 17:41
 
11 may 2025-ci il tarixdə Bakı şəhərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş peşəkar idmançılar arasında MMA idman növü üzrə (Mixed martial arts-Qarışıq döyüş sənəti) beynəlxalq turnir başa çatıb.
Müxtəlif ölkələrdən peşəkar döyüşçülərin iştirak etdiyi bu nüfuzlu yarış Azərbaycanın idman mühitində ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərini və irsini yad etmək, gənc nəslə sağlam həyat tərzini aşılamaq, ölkəmizdə idmanın inkişafı və döyüş növlərinə marağın artırılmasına xidmət edir.
Turnirdə 84 kq çəki dərəcəsində ölkəmizi təmsil edən həmyerlimiz peşəkar idmançı Fərid Mirzəbəyov parlaq çıxışı ilə yadda qalıb. İran İslam Respublikasını təmsil edən döyüşçü Nori Mohsen ilə qarşılaşan idmançımız birinci raundda təşəbbüsü ələ alaraq, rəqibinə heç bir imkan tanımayıb və peşəkar döyüş texnikası ilə tribunalardan alqış qazanıb.
Mayın 23-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov qalib idmançı Fərid Mirzəbəyov və məşqçisi Elşən Şükürov ilə görüşüb. İdmançının qazandığı qələbəni yüksək qiymətləndirərək, onun beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsini qürurverici hadisə kimi dəyərləndirən rayon rəhbəri qeyd edib ki, ölkədə həyata keçirilən məqsədyönlü idman siyasəti nəticəsində Azərbaycan beynəlxalq yarışlarda uğurla təmsil olunur. İcra başçısı həmçinin vurğulayıb ki, Fərid Mirzəbəyovun əldə etdiyi uğur təkcə onun şəxsi nailiyyəti deyil, eyni zamanda Qusar rayonunun idman ənənələri və potensialının nümayişidir.
Peşəkar idman sahəsində fəaliyyəti ilə bağlı ətraflı məlumat verən Fərid Mirzəbəyov ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkür edib. Gələcəkdə də ölkəmizi yerli və beynəlxalq arenalarda layiqincə təmsil etmək üçün var gücü ilə çalışacağını bildirib.
Görüşün sonunda RİH başçısı Fərid Mirzəbəyov və onun məşqçisi Elşən Şükürovu diplomla təltif edərək, hədiyyələr təqdim edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib. Sonda xatirə şəkli çəkdirilib.
Keçidlər