Qusarlı idmançılar beynəlxalq arenalarda yeni qələbələrə imza atıblar
27 avqust 2026 | 18:00
Ölkəmizdə idmanın inkişafına göstərilən davamlı diqqət və qayğı Qusar rayonunda da bu sahənin inkişafına geniş imkanlar yaradır. Qusarlı idmançılar yerli və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlarla rayonumuzun idman ənənələrini layiqincə davam etdirirlər. Müxtəlif mötəbər yarışlarda əldə olunan nailiyyətlər Qusarın idman sahəsində formalaşmış zəngin ənənələrin, məqsədyönlü fəaliyyətin, yüksək hazırlığın göstəricisidir.
Cari ilin 23 avqust tarixində Bakı şəhərində keçirilən Avrasiya Çempionatında Qusar rayonunun yetirməsi Surət Pirnəzərov 120 kq çəki dərəcəsində uğurla çıxış edib. İdmançımız Classic Strict Curl növündə 105 kq göstərici, Extreme Strict Curl növündə isə 152 kq göstərici ilə I yerdə qərarlaşıb. Surət Pirnəzərov yarışın hər iki növü üzrə çempion adını qazanaraq kubok, 2 qızıl medal və diplomlarla təltif olunub.
Qusarın digər bir yetirməsi Marat Səfərov da beynəlxalq arenada parlaq qələbə qazanıb. Avqustun 22-də Özbəkistanın Andican şəhərində MMA idman növü üzrə keçirilən “MANGU Professional” turnirində uğurla çıxış edən idmançımız rəqibləri üzərində inamlı qələbə qazanaraq yarışın qalibi olub.
İdmançılarımızı qazandıqları yüksək nailiyyətlər münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzu edirik.






