Qusarlı məktəbli buraxılış imtahanında maksimum nəticə göstərdi
24 aprel 2026 | 08:23
Qusar rayonu təhsil sahəsində növbəti uğura imza atıb. Rayonun Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Qayıbova Emiliya Vitalik qızı 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum nəticə — 300 bal toplamışdır.
Emiliya Qayıbova 2015-ci ildə Samur qəsəbə kənd tam orta məktəbində təhsilə başlamış, ibtidai hissəni başa vurduqdan sonra təhsilini Yuxarı Zeyxur kənd tam orta məktəbində davam etdirmişdir. O, 2026-cı ildə həmin məktəbin məzunu olacaqdır.
Riyaziyyat fənninə xüsusi həvəs göstərən şagird respublika fənn olimpiadalarının fəal iştirakçısıdır. Cari tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının rayon (şəhər) mərhələsini 95, yarımfinal mərhələsini isə 100 balla başa vuraraq final mərhələsinə vəsiqə qazanmışdır.
Qeyd edək ki, Emiliya Qayıbova daha əvvəl “Fermat” Beynəlxalq Riyaziyyat Olimpiadasının milli mərhələsində birinci yerin qalibi olmuşdur. O, IX sinifdə buraxılış imtahanında da yüksək nəticə göstərərək 297 bal toplamışdır.
Hazırda birinci ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan Emiliya Qayıbovanın əsas hədəfi “Kompüter elmləri” ixtisasına qəbul olmaqdır.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından istedadlı şagirdimizi qazandığı uğurlu nəticə münasibətilə təbrik edir, ona gələcək təhsil həyatında yeni-yeni nailiyyətlər arzulayırıq.






