Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı məktəbli “Əlaçı” verilişinin finalına yüksəldi

03 iyun 2025 | 16:24
Müasir televiziya məkanında intellektual verilişlər gənclərin elmi-idraki inkişafını stimullaşdırmaqla yanaşı, təhsilin cəmiyyətə inteqrasiyası, analitik düşüncəli fərdlərin yetişdirilməsində mühüm maarifləndirici platforma kimi çıxış edir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai Televiziyada yayımlanan "Əlaçı" intellektual verilişi gənc nəslin elmi potensialının inkişaf etdirilməsi, onların analitik təfəkkürünün, məntiqi düşünmə qabiliyyətinin və geniş dünyagörüşünün formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Proqram çərçivəsində respublikanın müxtəlif bölgələrindən seçilmiş istedadlı məktəblilər öz bilik və bacarıqlarını praktiki şəkildə nümayiş etdirmək imkanı qazanırlar.
Verilişin son buraxılışında Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Elmir Ağamirzəyev uğurlu çıxışı ilə fərqlənərək, final mərhələsinə vəsiqə qazanıb. Mayın 30-da yayımlanan buraxılışda 12 nəfər iştirakçı arasında aparılan intellektual bilik yarışında Elmir Ağamirzəyev sualları ən qısa zamanda düzgün cavablandıraraq, lider mövqeyə yüksəlib.
Məktəbin direktoru Arif Xəlilov şagirdin bilik və hazırlıq səviyyəsinin yüksək olduğunu vurğulayaraq qeyd edib ki, Elmirin finala yüksəlməsi məktəbin bütün müəllim və şagird kollektivində böyük sevinc hissi doğurub. Elmirin bu uğuru yalnız onun fərdi zəhmətinin deyil, həm də məktəbin pedaqoji kollektivinin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu nailiyyət eyni zamanda Qusar təhsilinin respublika miqyasında uğurla təmsil olunmasının parlaq nümunəsidir.
Qusarlı məktəbliyə yarışmanın super final mərhələsində də uğurlar arzu edirik.
Keçidlər