Qusarlı məktəblilərin Vətən Müharibəsi qaziləri ilə görüşü baş tutub
05 may 2026 | 17:50
Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə Vətənə sevgi, dövlətə sədaqət hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği məqsədilə may ayının 4-də Qusar Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin təşkilatçılığı ilə rayonun Atlıxan kənd tam orta ümumtəhsil məktəbində bir qrup müharibə qazisi ilə yuxarı sinif şagirdlərinin görüşü təşkil edilib.
Qusar Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri və müharibə veteranı Turab Allahverdiyev belə görüşlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər hər bir azərbaycanlının qürur mənbəyidir və bu Qələbəni bizə bəxş edən şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı heç vaxt unudulmamalıdır. Turab Allahverdiyev dövlət tərəfindən müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətinin Qusar rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən Vətən Müharibəsi qaziləri keçdikləri şərəfli döyüş yolundan bəhs edərək, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin xalqımızın birliyi, Ali Baş Komandanın qətiyyəti və rəşadətli Ordumuzun şücaəti nəticəsində qələbə ilə yekunlaşdığını vurğulayıblar. Onlar gənclərə hər zaman Vətənə layiqli vətəndaş olmağı, dövlətçiliyimizi qorumağı, milli-mənəvi dəyərlərimizə sahib çıxmağı tövsiyə edib, yaxşı təhsil almağın, savadlı vətəndaş kimi yetişməyin vacibliyini qeyd ediblər.
Şagirdlər qazilərlə səmimi dialoq quraraq onları maraqlandıran müxtəlif suallar ünvanlayıblar.
Sonda Qusar rayonunun Atlıxan kənd tam orta ümumtəhsil məktəbində gənclərin çağırışaqədərki hərbi hazırlığı fənnini tədris edən Vətən müharibəsi qazisi İlkin Abuyev şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə fəxri fərmanla təltif edilib.






