Qusarlı şagirdlərdən parlaq qələbə
24 aprel 2025 | 15:57
Son illər dünyada baş verən sürətli dəyişikliklər yüksəkixtisaslı mütəxəssis hazırlığı məsələsini bütün ölkələr üçün eyni dərəcədə prioritet hədəfə çevirib. Ölkəmizdə hər il keçirilən olimpiadalar, bilik yarışları istedadlı gənclərin potensialının üzə çıxarılmasına imkan yaradır.
Aprelin 23-də Quba Olimpiya Kompleksində “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib. Bilik yarışında regionda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 5 komanda iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Qusar rayonunu təmsil edən komanda birinci yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ qazanıb.
Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
Olimpiada çərçivəsində iştirakçılar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamətləri üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər.