Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı vunderkind Ruslan Səfərovun uğur yolu

17 noyabr 2025 | 18:20
Azərbaycanın istedadlı gənclərinin uğurları ölkəmizin təhsil potensialının yüksələn xətt üzrə inkişafını bir daha nümayiş etdirir. Bu kontekstdə təkcə respublikada deyil, ölkə hüdudlarından kənarda da tanınan gənc vunderkind Ruslan Səfərovun nailiyyətləri xüsusi qeyd olunmalıdır. Hələ altı yaşında ikən bütün ölkədə məşhurlaşan Ruslan qeyri-adi riyazi bacarıqları, yüksək analitik düşüncəsi ilə fərqlənir.
Ruslan Səfərov 2017-ci ildə Rusiyanın “Birinci kanal”ında yayımlanan “Udivitelnıye lyudi” televiziya verilişində çıxış etdikdən sonra geniş auditoriya tərəfindən tanınmışdır. Veriliş zamanı mürəkkəb riyazi əməliyyatları saniyələr içində, kalkulyator sürəti ilə həll etməsi onun qeyri-adi potensialını nümayiş etdirmişdi. Həmin dövrdə Ruslan Qusar şəhər 4 nömrəli tam orta məktəbin II sinif şagirdi idi və bu yaş üçün nadir sayılan riyazi məntiq qabiliyyəti ilə seçilirdi.
Hazırda 15 yaşlı Ruslan Səfərov Bakı şəhərində fəaliyyət göstərən “LANDAU School”un 9-cu sinfində təhsil alır. Yüksək akademik göstəriciləri və çalışqanlığı sayəsində məktəb tərəfindən xüsusi təqaüdə layiq görülmüş Ruslan nümunəvi şagirdlərdən biri kimi tanınır.
Sinqapur və Antalyada keçirilmiş beynəlxalq olimpiadalarda qızıl, Nyu-Yorkda təşkil olunmuş olimpiadada gümüş medal qazanaraq, uğurları ilə sevindirən Ruslan Səfərovun əsas məqsədlərindən biri ölkəmizdə ən nüfuzlu bilik yarışlarından hesab olunan Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə yüksək nəticə əldə etməkdir.
İstedadlı gənc eyni zamanda xarici dil bacarıqlarını inkişaf etdirmək, ingilis dilini C2 səviyyəsinə çatdırmaq və alman dilini öyrənmək üçün çalışır. O, gələcəkdə tanınmış xarici universitetlərdən birində təhsil alaraq elmi fəaliyyətlə məşğul olmağı hədəfləyir.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından Ruslan Səfərova gələcək təhsil həyatında uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik.
Keçidlər