“Radikal və ekstremist təmayüllü dini cərəyanların uşaqların həyatına və hüquqlarına mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib
06 noyabr 2025 | 17:57
2025-ci il noyabrın 5-də Qusar rayonunun Urva kənd tam orta məktəbində “Radikal və ekstremist təmayüllü dini cərəyanların uşaqların həyatına və hüquqlarına mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir Qusar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Kamran Sədullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov geniş məruzələrlə çıxış etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, ölkəmizdə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün bərabər demokratik-hüquqi şərait yaradılmışdır. Mövcud tolerant mühitdən sui-istifadə etməyə çalışan radikal dini cərəyanlara qarşı cəmiyyətin bütün təbəqələri fəal mövqe nümayiş etdirməlidirlər. Bu mübarizədə ən effektiv vasitə, xüsusən gənclər və yeniyetmələr arasında mütəmadi maarifləndirmə işinin aparılmasıdır. Radikal və ekstremist cərəyanlar gənclərin düşüncə tərzinə mənfi təsir göstərərək onları milli-mənəvi dəyərlərdən və sağlam ictimai baxışlardan uzaqlaşdıraraq, onlarda aqressiya və cəmiyyətə yad münasibət formalaşdırır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və şagirdlərə maarifləndirici materiallar paylanmışdır.






