Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov yubileyi münasibətilə təbrik edilmişdir
01 aprel 2026 | 18:52
Qusar Rayon Ağsaqqallar Şurasının sədri, uzun illər rayonun təhsil və ictimai-siyasi həyatında fəal iştirak etmiş Sənan Xəlilovun 75 yaşı tamam olmuşdur.
Sənan Xəlilov 1951-ci il 22 mart tarixində Qusar rayonunun Aşağı Ləgər kəndində anadan olmuşdur. Təhsilini 1968-ci ildə orta məktəbdə tamamlayan Sənan Xəlilov 1969-cu ildə Neft və Sənaye Universitetinə daxil olmuş, daha sonra təhsilini yarımçıq saxlayaraq 1974-cü ildə Mirzə Fətəli Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.
Pedaqoji fəaliyyətinə Aşağı Ləgər kəndində başlayan Sənan Xəlilov 1986-1988-ci illərdə həmin məktəbin direktoru vəzifəsində çalışmış, 1988-1993-cü illərdə Qusar şəhər 6 nömrəli, 2007-2014-cü illərdə isə Köhnə Xudat kənd tam orta məktəblərinin rəhbəri olmuşdur. 2015-ci ildən Nərimanov Nərimanov adına Mədəniyyət və İstirahət parkının direktoru vəzifəsini icra etmiş, 2023-cü ildən isə Qusar Rayon Ağsaqqallar Şurasının sədridir.
Sənan Xəlilovun uzun illər ərzində rayonun təhsil və ictimai sahəsində səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmiş, ona Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunmuşdur. Bir daha Sənan Xəlilovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.






