Rayon ərazisində baş verə biləcək fövqəladə hallara hazırlıq səviyyəsi və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir
Rayon ərazisində baş verə biləcək fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə aprelin 14-də Qusar Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun, RİH başçısı Aparatının məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi Fuad İlyasovun və Mərkəzin bir qrup əməkdaşının iştirakı ilə görüş keçirilmişdir.
İcra başçısı son günlərdə müşahidə olunan və gələcəkdə baş verməsi ehtimal olunan fövqəladə halların fəsadlarının aradan qaldırılmasının, zərərin minimuma endirilməsi, fövqəladə hallar zamanı əhaliyə köməklik göstərilməsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi, yay aylarında ehtimal olunan meşə yanğınları ilə bağlı qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsinin, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin qurulmasının vacibliyini qeyd etmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi Fuad İlyasov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, həmçinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Görüş çərçivəsində rayon ərazisində müşahidə olunmuş yağıntılı hava şəraitinin yaratdığı fəsadlar, fövqəladə hallar zamanı operativ müdaxilə imkanları, mövcud resursların səfərbər olunması, aidiyyəti qurumlar arasında informasiya mübadiləsinin təşkili, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qabaqlayıcı tədbirlərin sistemli şəkildə həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.






