Rayon ərazisində son günlər müşahidə olunan yağıntılı hava şəraitinin fəsadlarının aradan qaldırılması istiqamətində görülmüş işlər və mövcud problemlər müzakirə edilib
10 aprel 2026 | 19:24
Qusar rayonunda cari ilin 27–28 mart və 4–5 aprel tarixlərində müşahidə olunan intensiv və aramsız yağıntıların yaratdığı fövqəladə vəziyyət, onun fəsadlarının aradan qaldırılması istiqamətində görülmüş işlər və mövcud problemlərin həlli yolları aprelin 10-da Qusar Rayon İcra Hakimiyyətində keçirilən geniştərkibli iclasda müzakirə olunmuşdur. İclasda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, eləcə də digər idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, onlayn formatda icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.
İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov baş vermiş təbiət hadisələrinin fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilmiş operativ və əlaqələndirilmiş tədbirləri yüksək qiymətləndirmişdir. İcra başçısı bildirmişdir ki, yaranmış çətin şəraitdə aidiyyəti qurumlar vahid komanda kimi fəaliyyət göstərmişdir. Ərazilərə texnika və canlı qüvvə cəlb edilərək daha ağır fəsadların qarşısı alınmış, dəymiş ziyan minimuma endirilmiş, əhalinin təhlükəsizliyi təmin olunmuşdur. Eyni zamanda, qarşıdakı günlərdə də qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin gözlənildiyini diqqətə çatdıran icra başçısı qabaqlayıcı tədbirlərin gücləndirilməsinin, fəaliyyətin planlı şəkildə qurulmasının və mövcud texnikaların daim saz vəziyyətdə saxlanılmasının vacibliyini vurğulamışdır.
Daha sonra məruzə ilə çıxış edən Rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov qeyd edib ki, güclü yağıntılar nəticəsində rayonun bir sıra yaşayış məntəqələrində daşqınlar və torpaq sürüşmələri baş vermiş, nəticədə infrastruktur, kommunal təsərrüfat və kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəymişdir. Bəzi kəndlərdə qaz və elektrik xətlərinin zədələnməsi səbəbindən abonentlərin qaz və enerji təminatında fasilələr yaranmışdır. Qeyd olunub ki, intensiv yağıntılar nəticəsində rayonun 4 kəndindən 3-də yararsız vəziyyətə düşmüş körpülər bərpa edilmişdir. Məruzədə həmçinin bildirilib ki, sel sularının yuyub-apardığı kənd yollarının bərpası istiqamətində intensiv tədbirlər görülür. Yasab kəndi ərazisindən keçən və 23 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Qusar–Həzrə–Sudur avtomobil yolunun yararsız vəziyyətə düşməsi ilə əlaqədar əraziyə alternativ müvəqqəti yol çəkilmişdir.
İclasda kommunal və şəhər təsərrüfatı, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələri üzrə məsul şəxslər çıxış edərək mövcud vəziyyət, dəymiş ziyan və fəsadların aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov fövqəladə halların fəsadlarının aradan qaldırılmasında aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha vurğulamışdır. Rayon rəhbəri qarşıdakı günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı aidiyyəti strukturların yüksək hazırlıq vəziyyətində olmasını tapşırmış, müvafiq göstərişlər vermişdir.






