Rayon ərazisində təsərrüfatların suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində infrastruktur layihələrinin icrası uğurla davam etdirilir
11 iyul 2026 | 21:22
Qusar rayonunda təsərrüfatların suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Belə ki, Tahircal çayından Yuxarı Qələnxur kəndinə gələn ümumi uzunluğu 9 km olan suvarma su arxının 6 km-lik hissəsi cari ilin aprel ayında rayon ərazisində müşahidə olunmuş intensiv yağışlar nəticəsində baş vermiş sürüşmə səbəbindən yararsız vəziyyətə düşmüşdür. Nəticədə aprel ayından etibarən Yuxarı Qələnxur kəndinin təsərrüfatlarının suvarma suyu ilə təminatında çətinliklərin yaranması kənd sakinlərinin təsərrüfat işlərinə ciddi problem yaradırdı. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən yerində araşdırma aparılıb, arxın bərpasının mümkün olmaması nəzərə alınaraq əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə alternativ həll yolu kimi Tahircal çayında su nasosunun quraşdırılması, suyun nasos vasitəsilə arxa vurularaq təsərrüfatların su ilə təminatı nəzərdə tutulub. Hazırda Qusar Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən sözügedən ərazidə su nasosunun quraşdırılması ilə əlaqədar tikinti işlərinə başlanılıb. Layihə çərçivəsində görüləcək işlər başa çatdıqdan sonra Yuxarı Qələnxur kəndi suvarma suyu ilə təmin olunacaqdır.






