Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayon ərazisində yerləşən Dövlət mülkiyyətində olan yay otlaq sahələrindən qanunvericiliyin tələblərinə uyğun və səmərəli istifadə məsələləri müzakirə edilib

10 iyul 2026 | 17:26
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqların icrası, eləcə də torpaqlardan səmərəli istifadə edilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə sahibkarlara göstərilən dəstəyin artırılması məqsədilə iyulun 9-da Qusar Rayon İcra Hakimiyyətində rayon ərazisində yerləşən dövlət mülkiyyətində olan yay otlaq sahələrindən qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı iclas keçirilib. İclasda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, Qusar Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Emin Kərimov, Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsinin müdiri Toğrul Adıgözəlov, “N” saylı hərbi hissənin komandirinin müavini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi Seyfəddin Qazıyev, bir sıra bələdiyyə sədrləri və icarədarlar iştirak ediblər. İclasda giriş nitqi ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, hazırda bütün dünyada, o cümlədən ölkəmizdə ərzaq təhlükəsizliyi ən aktual məsələlərdən biridir və bu sahədə görülən işlər Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır. İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, qəbul olunan yeni Dövlət Proqramları sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün geniş imkanlar yaradır. RİH başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli 1044 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında ölkə ərazisində aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və daxili istehsal potensialının, kənd təsərrüfatında məhsuldarlığın və ixracyönümlü məhsul istehsalının artırılması, innovasiya və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi başlıca məqsədlər kimi müəyyən edilmişdir. Təsdiq edilmiş “Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin Qusar rayonunda da vaxtında və keyfiyyətlə icrası diqqət mərkəzində saxlanılır. Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri İkram Tumarxanov yay otlaq sahələrinin təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin icarə haqqının müəyyən edilməsi, rayonun inzibati ərazisində yerləşən yay otlaq sahələri ilə bağlı mövcud problemlər və dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsində Rayon İcra Hakimiyyətinin rolu ilə bağlı məlumat verib. İclas zamanı rayon ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi əsasında istifadə edən icarədarlarların təklif və müraciətləri dinlənilib. Sahibkarlar qarşılaşdıqları bir sıra problemləri diqqətə çatdırıblar. Belə ki, kənd təsərrüfatı sahəsində istifadə olunan Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaradılmış “Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi proqramında mövcud uyğunsuzluqlara görə istifadəsində olan torpaq sahəsinin icarə müddəti başa çatmış bir sıra sahibkarların icarə müqavilələrinin yenidən bağlanması zamanı çətinliklərlə üzləşdikləri bildirilib. Sahibkarlar, eyni zamanda istifadə etdikləri torpaq sahələrinin yerquruluşu planlarının hazırlanması prosesinin sürətləndirilməsini xahiş ediblər. Səsləndirilən məsələlər ətrafında geniş müzakirələr aparılıb. İcra başçısı tərəfindən qaldırılan problemlərin həlli məqsədilə, o cümlədən icarədarlar tərəfindən yay otlaq sahələrinə heyvanların köçürülməsi zamanı sərhəd zastavalarının xidməti ərazilərində fəaliyyət göstərəcək şəxslərin siyahılarının operativ və qanunvericiliyə uyğun şəkildə təsdiq olunması barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Sahibkarlara yay otlaqlarına davarların köçürülməsi zamanı qanunvericiliyin tələblərinə və torpaq sahələrindən istifadə qaydalarına əməl olunması tövsiyə edilib. Sonda qeyd edilib ki, Qusar Rayon İcra Hakimiyyəti sahibkarlarların problemlərinin həllinə dəstək göstərməyə davam edəcək, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı müəyyən etdiyi strategiyanın rayonda uğurla icrasını təmin edəcəkdir.
Keçidlər