Rayon Fövqəladə Hallar üzrə Komissiyasının növbəti iclası keçirilmişdir-2026
25 iyun 2026 | 13:29
Qusar rayon Fövqəladə Hallar üzrə Komissiyasının növbəti iclası iyun ayının 24-də rayon İcra Hakimiyyətinin başçısının iştirakı və rəhbərliyi ilə İcra Hakimiyyətində keçirilmişdir. İclasda son aylarda yağan aramsız yağışlar və torpaq sürüşmələri nəticəsində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər və qarşıda duran həlli vacib məsələlər müzakirə edilmişdir.
Fövqəladə Hallar Komissiyasının sədri, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov baş vermiş təbiət hadisələri nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün görülmüş işlər, bu istiqamətdə davam edən tədbirlər, eyni zamanda qalmaqda olan problemlər barədə məlumat vermişdir.
İclasa onlayn qaydada qoşulan şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və müvafiq qurumların rəhbərləri ayrı-ayrı kəndlərdə görülən işlər haqqında geniş məlumat verdilər. Belə ki, Sudur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İkram Əsədov torpaq sürüşməsi zamanı dərin yarğanın əmələ gəlməsi nəticəsində bağlanmış Sudur yolunda körpünün tikintisi və yolda aparılan təmir-bərpa işləri, Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Telman Kazımov Həzrə-Sudur yolunun Yasab kəndi ərazisində dağılmış su ötürücünün və yolun bərpası ilə bağlı həyata keçirilən tədbirlər, Zindan Muruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elşən Məhsimov Cağar-Çətkün və Laza yollarında su ötürücü küvetlərin tikintisi, iri diametrli boruların quraşdırılması, Laza kəndində inşa olunan körpüdə və Kuzun kəndində daxili yolların bərpa-təmiri sahəsində görülən işlər barədə məlumat verdilər. Yuxarı Tahircal kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Fərid Babayev isə Yuxarı Qələnxur və Yuxarı Tahircal yolunda və kənddaxili yollarda görülən bərpa-təmir, iri diametrli su ötürücü boruların quraşdırılması və görülən digər tədbirlər barədə məlumat verdi. Quxuroba, Bala Qusar, Yuxarı Qələnxur, Xuray, Düztahir və Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndələr də yolların bərpası, sel sularının yaratdığı digər fəsadların aradan qaldırılması istiqamətində görülən işlər, eləcə də həlli vacib məsələlər barədə çıxış etdilər.
Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizov və Rayon 6 saylı Yol İstismarı MMC-nin rəisi Güloğlan Əliyev hazırda davam etdirilən tikinti-təmir işləri, eləcə də yaxın müddətdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdilər. Komissiyanın digər üzvləri isə qalmaqda olan problemlərin aradan qaldırılması üçün həyata keçirilməli layihələr barədə təkliflərini irəli sürdülər.
Komissiya sədri və üzvlərinin, çıxış edən iclas iştirakçılarının verdiyi məlumatları və təklifləri dinlədikdən sonra rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov ayrı-ayrı qurum rəhbərlərinə öz tövsiyələrini vermişdir.






