Rayon İcra Hakimiyyəti başçısının şəhid ailələri ilə növbəti görüşü baş tutub
10 sentyabr 2026 | 18:40
Şəhid ailələrinə dövlət qayğısının gücləndirilməsi, onların sosial müdafiəsinin təmin olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinin daim diqqətdə saxlanılması, onların qayğı və problemlərinin həlli istiqamətində ardıcıl tədbirlərin görülməsi dövlətin şəhidlərimizə və onların ailələrinə yüksək ehtiramının ifadəsidir.
Qusar rayonunda da şəhid ailələrinə diqqət və qayğı mütəmadi olaraq davam etdirilir, onların problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə mütəmadi görüşlər keçirilir. Sentyabrın 10-da Qusar Rayon İcra Hakimiyyətinin başçısının şəhid ailələri ilə növbəti görüşü baş tutub. Çay süfrəsi arxasında baş tutan səmimi görüşdə rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların təklif və müraciətlərini dinləyib.
Görüş zamanı şəhid ailələrini maraqlandıran torpaq, sosial təminatla bağlı və digər sosial-məişət məsələləri, eləcə də rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən iki çoxmənzilli yaşayış binası ilə bağlı müzakirələr aparılıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, Qusar rayonunda onların müraciətlərinə həssas münasibət göstərilməsini yüksək qiymətləndirərək rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər. Həmçinin, şəhərin Heydər Əliyev prospektində yaradılmış, 115 şəhidin portretinin yer aldığı xatirə guşəsinin onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıblar.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini qeyd edib, onların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılacağını bildirib. Rayon rəhbəri, həmçinin Qusarda həyata keçirilən əsas infrastruktur layihələri barədə görüş iştirakçılarına məlumat verib.






