Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü baş tutub
Ölkə başçısı tərəfindən hər zaman vətəndaş məmnunluğu məsələsi ön planda tutulur. Qusar rayonunda da bu prinsip gözlənilir, vətəndaş amili önə çəkilir. RİH başçısı tərəfindən vətəndaşların qəbulu, onlarla yerlərdə keçirilən görüş və qəbullar bunun bariz nümunəsidir. Mütəmadi olaraq keçirilən görüşlərin əsas məqsədi vətəndaşların problemlərinin operativ şəkildə həll olunmasıdır.
Bu qəbildən olan növbəti səyyar görüş rayonun Zindanmuruq İnzibati Ərazi Dairəsinə daxil olan Kuzun kəndində baş tutub. Rayon İcra Hakimiyyətinin başçısı, RİHB Aparatının məsul şəxsləri, idarə, təşkilat, xidmət sahəsinin rəhbərləri, Zindanmuruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsi və sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar öz problem və təkliflərini səsləndiriblər.
Kənd sakinləri işıq dirəklərinin yenilənməsi, kəndin qazlaşdırılması, torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, kənd yollarının əsaslı təmiri, həyətyanı torpaq sahəsinin ayrılması, ev və torpaq sahələrinin qanunamüvafiq qaydada sənədləşdirmə işlərinin aparılmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini bildiriblər. Görüşdə həmçinin kənd ərazisində yerləşən tibb məntəqəsinin fəaliyyət göstərməməsinin sakinlər üçün ciddi problemlər yaratdığı qeyd olunub.
RİH başçısı tərəfindən sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi ilə bağlı tapşırıqlar verilib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaıdırlacağı bildirilib. Bəzi məsələlərlə bağlı izahat verlib.
Vətəndaşlar mütəmadi olaraq keçirilən səyyar görüşlərdən razı qaldıqlarını bildirərək son zamanlarda vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.