Rayon icra hakimiyyətinin başçısı vətəndaşların müraciətlərini həm fərdi, həm də onlayn formatda dinləyib
21 avqust 2026 | 14:39
Müasir dövrdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynayır. İdarəetmənin bütün səviyyələrində innovativ yanaşmaların tətbiqi, vətəndaş-məmur münasibətlərinin müasir tələblər səviyyəsində qurulması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qusar rayonunda da müasir idarəetmə modeli uğurla tətbiq edilir. Vətəndaş məmnuniyyətini əsas götürən bu yanaşma çərçivəsində rayon icra hakimiyyəti başçısının yerlərdə səyyar, o cümlədən fərdi və onlayn vətəndaş qəbulları keçirilir. Onlayn qəbul formatı vətəndaşların yaşadıqları yaşayış məntəqələrindən rayon mərkəzinə gəlmədən, əlavə maddi vəsait və vaxt sərf etmədən öz problem və təkliflərini birbaşa rayon rəhbərliyinə çatdırması üçün ən müasir və effektiv üsullardan biridir.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun və RİHB Aparatının məsul əməkdaşlarının iştirakı ilə növbəti belə qəbul avqustun 20-də baş tutub. Həmçinin idarə və müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri onlayn bağlantı vasitəsilə qəbula qoşulublar. Qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşlar maddi yardım göstərilməsi, fərdi yaşayış evinə kommunal xəttlərin çəkilməsi, qaz sayğacının quraşdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı hər bir müraciəti diqqətlə dinləyib, vətəndaşlara mövcud qanunvericilik çərçivəsində ətraflı izahatlar verib. Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni gündə keçirilən fərdi qəbulda 3 şəhid ailəsinin 4 üzvü iştirak edib. Görüş zamanı səsləndirilən müraciətlər 2 əsas istiqaməti əhatə edib. İşlə təminat və şəhidin adını daşıyan küçəyə asfalt örtüyünün çəkilməsi ilə bağlı müraciətlər səsləndirilib.
Şəhid ailələrinə göstərilən dövlət qayğısının ölkə siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan icra başçısı bildirib ki, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi və onların problemlərinin həlli rayon rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Rayon rəhbəri vurğulayıb ki, səsləndirilən müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görüləcək və nəticəsi barədə müraciət edənlərə məlumat veriləcək.






