Rayon rəhbərinin növbəti səyyar qəbulu Düztahir kəndində baş tutub
09 sentyabr 2025 | 18:06
Qusar Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə uyğun olaraq növbəti qəbul rayonun Düztahir kəndində keçirilib. Səyyar qəbulda RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Sakinləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Sakinlər kəndin qazlaşdırılması, istismar müddətini başa vurmuş elektrik dirəklərinin yenilənməsi, torpaq sahələrinin dəqiq koordinatlarının müəyyənləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini ediblər. Görüşdə həmçinin çay məcrasından çınqıl və daş materialının daşınmasına yol verilməməsi, kənddə ödəniş terminalının quraşdırılması ilə bağlı məsələlər də qaldırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov vətəndaşların arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Qaldırılan məsələlərlə bağlı qeyd olunub ki, hazırda Avaran, Mucuq və Urva kəndlərinin qazlaşdırılması istiqamətində işlər aparılır. Növbəti illərdə isə bu proses mərhələli şəkildə davam etdirilərək Düztahir kəndinin qazlaşdırılması məsələsinə də baxılacaq.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






