Rayonda bələdiyyələrlə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində qarşılıqlı fəaliyyətinin mövcud vəziyyəti və Sudan İstifadəedənlər Birliklərinin növbəti suvarma mövsümünə hazırlıq səviyyəsi müzakirə olunmuşdur
26 fevral 2026 | 15:34
Rayonda bələdiyyələrlə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində qarşılıqlı fəaliyyətinin mövcud vəziyyəti və Sudan İstifadəedənlər Birliklərinin növbəti suvarma mövsümünə hazırlıq səviyyəsi müzakirə olunmuşdur
Fevralın 25-də Xaçmaz Regional Ədliyyə İdarəsinin təşəbbüsü ilə Qusar Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, Xaçmaz regional ədliyyə idarəsinin rəisi Qədir Paşayevin, RİH Başçısı Aparatının məsul şəxslərinin, aidiyyəti idarə və müəssisələrin rəhbərlərinin, yerli bələdiyyə sədrləri və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə geniş tərkibdə yığıncaq keçirilib.
Yığıncaqda Qusar rayonunda bələdiyyələrlə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində qarşılıqlı fəaliyyətinin mövcud vəziyyəti, habelə Sudan İstifadəedənlər Birliklərinin növbəti suvarma mövsümünə hazırlıq səviyyəsi ətraflı müzakirə olunub.
Yığıncaqda məruzə ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri İkram Tumarxanov rayonda fəaliyyət göstərən 10 bələdiyyə tərəfindən cari ildə yerli büdcələrinin formalaşdırılması, gəlirlər və xərclər üzrə proqnozların icrası, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həlli istiqamətində görülən işlər, həyata keçirilən infrastruktur layihələri, abadlıq-quruculuq tədbirləri barədə məlumat verib.
Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Qədir Paşayev çıxışında bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun daha səmərəli təşkili, sənədləşmə və uçot sisteminin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması ilə bağlı bir sıra tövsiyələr verib, metodiki dəstəyin davam etdiriləcəyini və Qusar Rayon İcra Hakimiyyəti ilə birgə fəaliyyətin bundan sonra da davamlı şəkildə həyata keçiriləcəyini qeyd edib.
Müzakirələr zamanı Urva bələdiyyəsinin sədri Günəş Hacıyeva və Samur bələdiyyəsinin sədri Nemət Ramazanov çıxış edərək mövcud problemləri diqqətə çatdırıb, təklif və təşəbbüslərini səsləndiriblər. Qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yığıncaqda əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi məsələsi də əsas müzakirə mövzularından biri olmuşdur. Qeyd edilib ki, hazırda rayon üzrə fəaliyyət göstərən 5 Su İstifadəçiləri Birliyi 85 yaşayış məntəqəsində 15 118 su istifadəçisinin 29,3 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin edir. Bununla belə, bu birliklərin fəaliyyətində ciddi çatışmazlıqların mövcud olması səbəbindən rayon rəhbərliyinin təşəbbüsü ilə Su İstifadəçiləri Birliklərinin yerli bələdiyyələrin idarəçiliyinə verilməsi təşəbbüsü irəli sürülmüşdür. Əsas məqsəd idarəetmədə çevikliyin artırılması, şəffaflığın təmin olunması, maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması, su bölgüsündə ədalət prinsipinin tam bərqərar edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsidir.
Yığıncaqda qarşıdan gələn suvarma mövsümü nəzərə alınaraq SİB-lərə bəzi tövsiyələr verilmişdir. Belə ki, işlərin təsdiq olunmuş qrafik əsasında və effektiv nəzarət mexanizmi ilə həyata keçirilməsi, su itkilərinin qarşısının alınması məqsədilə daxili nəzarət sisteminin gücləndirilməsi, qanunsuz qoşulmaların və normadan artıq su istifadəsi hallarının aradan qaldırılması, su bölgüsünün əvvəlcədən təsdiq edilmiş növbəlilik cədvəli əsasında və şəffaf mexanizmlə aparılması tövsiyə edilib. Eyni zamanda, bütün su istifadəçiləri ilə yenilənmiş müqavilələrin bağlanması, vahid elektron uçot bazasının yaradılması, borclularla fərdi qaydada işin təşkili, mərhələli ödəniş cədvəllərinin tətbiqi, ödəniş intizamının gücləndirilməsi, xərclər smetasına ciddi əməl olunması və görülən işlər üzrə hesabatlılığın təmin edilməsi vacib vəzifə kimi müəyyən edilmişdir. Yerli icra nümayəndəlikləri və bələdiyyələrlə birgə müzakirələrin aparılmasının zəruriliyi xüsusi vurğulanmışdır.
Tədbirin sonunda Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov çıxış edərək rayonda Qəhvəyi mərmər bağacığının yayılması ilə bağlı mövcud vəziyyət, zərərvericiyə qarşı mübarizə üsulları, əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər, profilaktik və kimyəvi mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Bildirilib ki, zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir, əhali ilə mütəmadi görüşlər keçirilir, metodiki tövsiyələr verilir və zəruri tədbirlər həyata keçirilir.






