Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayonda torpaq münasibətlərinin tənzimlənməsinə kompleks yanaşma: torpaq resurslarının səmərəli idarə olunması məsələləri müzakirə edilib

02 oktyabr 2026 | 18:37
Sentyabrın 30-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, RİHB Aparatının məsul şəxslərinin, rayonda fəaliyyət göstərən 10 bələdiyyə sədrinin iştirakı ilə rayonda torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb. İclasda həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin daşınmaz əmlakın kadastrı və yerquruluşu şöbəsinin müdiri Gündüz Məmmədzadə, 5 saylı Xaçmaz Ərazi Dairəsinin yerquruluşu və təşkili şöbəsinin müdiri Rafael Hüseynov, coğrafi informasiya sistemləri şöbəsinin aparıcı mühəndisi Elnur Adıgözəlov iştirak ediblər.
İclasda rayon ərazisində müxtəlif kateqoriyalara aid torpaqların uçotu və kadastr məlumatlarının dəqiqləşdirilməsi, torpaq sahələrinin faktiki vəziyyətinin mövcud elektron məlumatlarla uyğunlaşdırılması, yerquruluşu planlarının hazırlanması, habelə dövlət və bələdiyyə torpaqlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov torpaq münasibətlərinin tənzimlənməsi və torpaq resurslarından səmərəli istifadənin rayonun sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, torpaq sahələrinin dəqiq sərhədlərinin və koordinatlarının müəyyənləşdirilməsi, onların faktiki vəziyyətinin kadastr məlumatları ilə uzlaşdırılması, yerquruluşu sənədlərinin hazırlanması və torpaqların uçotunun müasir elektron sistemlər əsasında aparılması bu sahədə şəffaflığın və düzgün idarəetmənin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Gündüz Məmmədzadə ölkə ərazisində torpaq kadastrının elektron uçotunun aparılması, torpaq sahələri barədə məlumatların rəqəmsal sistemlərdə dəqiqləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində aparılan işlər zamanı əvvəlki illərdə həyata keçirilmiş torpaq islahatları nəticəsində formalaşmış məlumatların faktiki vəziyyətlə uyğunlaşdırılması zərurəti ilə bağlı bir sıra çatışmazlıqlar da üzə çıxır ki, bu kimi halların aradan qaldırılması torpaq uçotunun vahid və etibarlı məlumat bazası əsasında aparılması baxımından zəruridir.
İclasda qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası ilə də əlaqəlidir. Fərmanın əsas məqsədlərindən biri torpaq islahatı nəticəsində pay torpaqları əldə etmiş, lakin həmin torpaqlar üzərində mülkiyyət hüquqları rəsmiləşdirilməmiş şəxslərin bu hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasının təmin edilməsidir.
Gündüz Məmmədzadə qeyd olunan proseslərin səmərəli təşkili, mövcud uyğunsuzluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması prosesində rayon icra hakimiyyəti başçısından müvafiq dəstəyin göstərilməsini xahiş edib. İcra başçısı bu sahədə mövcud problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həllinə şərait yaradılacağını bildirib.
Sonda bələdiyyə sədrlərini maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərlə bağlı müvafiq izahlar verilib və qarşıda duran işlərin əlaqəli şəkildə həyata keçirilməsi barədə razılıq əldə olunub.
Keçidlər