Rayonda uşaqlar və yeniyetmələr arasında idmanın kütləviliyinin artırılması və sağlam həyat tərzinin təşviqi istiqamətində tədbirlər davam etdirilir
26 oktyabr 2026 | 15:46
Qusar rayonunda uşaq və yeniyetmələr arasında müxtəlif idman növlərinə marağın artırılması, onların fiziki inkişafının dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə oktyabrın 23-də və 25-də rayonda stolüstü tennis və kikboksinq idman növləri üzrə idman yarışları təşkil olunub.
Oktyabrın 25-də Qusar Olimpiya İdman Kompleksində Zəfər Gününə həsr olunmuş kikboksinq idman növü üzrə Qusar rayon turniri keçirilib. Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutan turnirdə 2018–2020-ci il təvəllüdlü oğlan və qızlar, eləcə də 2015–2017, 2013–2014, 2008–2010 və 2011–2012-ci il təvəllüdlü oğlanlar olmaqla, idmançılar 16 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Yarışın sonunda qaliblər medal və diplomlarla təltif ediliblər.
Oktyabrın 23-də Qusar şəhəri Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə müxtəlif yaş qruplarını təmsil edən idmançıların iştirakı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə yarış keçirilib.






