Rayonumuzun tarixinin güzgüsü: Tarix-Diyarşünaslıq Muzeyi
20 noyabr 2024 | 17:51
Qusar rayonunun tarixi, adət-ənənələri, mədəniyyəti, etnoqrafiyası və demoqrafiyası, yerli əhalinin məşğuliyyəti haqqında əsas məlumat mənbəyi olan, maarifləndirmə işinin aparılmasında mühüm rol oynayan, rayonun tarixinin güzgüsü olan Qusar Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ildə Qusar rayon Mədəniyyət Evinin bir otağında ictimai əsaslarla fəaliyyətə başlayıb. Muzeyin eksponatları rayon ziyalıları tərəfindən rayon sakinlərindən toplanmışdır. 1982-ci ildə muzey hazırda yerləşdiyi binaya köçürülmüşdür. Muzey binası birmərtəbəli və 4 zaldan ibarətdir. 2009-cu ildə muzeyin binası restavrasiya olunaraq ekspozisiyası yenilənmişdir.
Muzeyin əsas və yardımçı fondunda birlikdə 5000-ə yaxın eksponat mövcuddur ki, onlardan 650 eksponat ekspozisiyada nümayiş olunur. Qədim, orta və müasir dövrü əhatə edən bu eksponatlar sırasında daş dövrünə aid çapacaqlar, daş baltalar, Qafqaz Albaniyası dövrünə aid məcməilər, küplər, kuzə və səhəngləri nümunə göstərmək olar. Muzeydə qorunub saxlanılan mədrəsələrdən gətirilmiş əlyazma şəklində olan dərsliklər vaxtaşırı olaraq sərgi şəklində nümayiş etdirilir.
Muzeyə tamaşaçı qismində gələn şəxslər arasında müxtəlif kateqoriyalardan olan şəxslərə rast gəlmək olar. Qonaqlara muzeydə nümayiş olunan eksponatlar və rayonun dövlət əhəmiyyətli tarixi abidələri (Şeyx Cüneyd məqbərəsi, Əniq qalası), həmçinin yerli əhəmiyyətli Hil, Xuray, Əniq məscidləri, Xudat qalasının qalıqları və s. haqqında ətraflı məlumat verilir, qonaqların maraq dairəsinə uyğun suallarına cavab verilir.
Rayon Tarix-Diyarşünaslıq Muzeyində günün tələblərinə uyğun, məktəb yaşlı şagirdlərin də iştirakı ilə keçirilən tədbirlər, o cümlədən şəhidlərimizə həsr olunmuş kitabların təqdimatı , tarixi və bayram günləri ilə bağlı tədbirlər, muzeyin əməkdaşları tərəfindən hazırlanan videoçarxlar rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanır.
Muzeydə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş guşədə şəhidlərimizə aid bəzi əşyalar, paltarlar, onlara həsr olunmuş kitablar nümayiş etdirilir, şəhidlərin ildönümü günlərində şəhidin həyatı, döyüş yolu ilə bağlı videoçarxlar və şəxsi əşyalarından ibarət sərgi nümayiş etdirilir.
Bütün bunlarla yanaşı, muzeyin fond otağının və tədbirlərin keçirilməsi üçün zalın olmaması muzeyin işinə mənfi təsir göstərir.
Qeyd edək ki, 2022-ci ildə Qusar Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyətə başlamasının 40 illiyi böyük təntənə ilə qeyd edilib.