Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayonun ümumtəhsil müəssisələrində həyata keçirilən maarifləndirmə tədbirləri ardıcıl xarakter daşıyır

23 fevral 2026 | 17:28
Fevralın 20-də Qusar şəhər 3 nömrəli tam orta məktəbdə “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar”, “Erkən nikahın fəsadları və zəruri profilaktikası”, “Dövlət, dövlətçilik və dövlət atributlarına hörmət” mövzularında maarifləndirici tədbir təşkil edilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sosial məsuliyyət hissinin gücləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi, eyni zamanda dövlətçilik dəyərlərinə sədaqət ruhunda tərbiyənin təşviqi olmuşdur.
Tədbirdə narkotik vasitələrin insan orqanizminə və psixikasına vurduğu ağır zərərlər, asılılıq sindromunun fərdin sosial həyatına, ailə münasibətlərinə və əmək qabiliyyətinə mənfi təsiri ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, narkomaniya yalnız tibbi problem deyil, eyni zamanda cəmiyyətin sosial təhlükəsizliyinə təhdid yaradan ciddi amildir. Bu kimi zərərli vərdişlərin cinayətkarlığın artmasına, ailə dəyərlərinin zəifləməsinə və sosial deqradasiyaya səbəb olduğu diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliğinin vacibliyi vurğulanıb.
Çıxışlarda həmçinin qeyd olunub ki, yetkinlik yaşına çatmamış şəxslərin ailə qurması onların təhsil hüququnun məhdudlaşmasına, sağlamlıq problemlərinin yaranmasına və sosial adaptasiya çətinliklərinə səbəb olur. Erkən nikah ilk baxışda adi sosial problem kimi görünsə də, onun arxasında ciddi psixoloji, hüquqi və sosial fəsadlar dayanır. Məruzəçilər vurğulayıblar ki, gənclərin əsas məqsədi təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar fərd kimi formalaşmaq və cəmiyyətin tərəqqisinə töhfə vermək olmalıdır. Erkən nikahlar bu hədəflərə çatmaqda əsas maneələrdən biri kimi çıxış edir və bu səbəbdən onların qarşısının alınması prioritet məsələdir.
“Dövlət, dövlətçilik və dövlət atributlarına hörmət” mövzusu üzrə aparılan müzakirələr zamanı şagirdlərə dövlət anlayışının mahiyyəti, müstəqilliyin tarixi əhəmiyyəti, vətəndaşlıq borcu və hüquqi məsuliyyət barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikasının dövlət atributlarının milli kimliyimizin və suverenliyimizin rəmzi olduğu qeyd edilib, dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın borcu olduğu diqqətə çatdırılıb. Gənclərin milli-mənəvi dəyərlərə bağlı, qanunlara hörmət edən və dövlətə sədaqətli vətəndaşlar kimi formalaşmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Keçidlər