Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayonun Yerği Kek kəndində qeyri-sabit hava şəraitinin fəsadlarının aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir

13 aprel 2026 | 15:28
Son günlər bəzi media orqanlarında Qusar rayonunun Yerği Kek kəndində 3 metr hündürlüyündə qar yağması, kəndin tam mühasirədə qalması və sakinlərin köməksiz vəziyyətdə olması ilə bağlı məlumatlar yayılmışdır. Bəzi xəbər saytlarında yer alan bu məlumatlar reallığı tam əks etdirmir və hadisələr şişirdilmiş formada təqdim olunur.
Qusar rayonunda son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq müəyyən ərazilərdə çətinliklər yaransa da, vəziyyət daim nəzarətdə saxlanılır. Hadisələrə operativ reaksiya verilməsi, mümkün fəsadların qarşısının alınması və aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür. Yağışlı və qarlı hava şəraiti ilə əlaqədar olaraq rayonun müxtəlif istiqamətlərində aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası səfərbər olunmuş, yolların açılması, torpaq sürüşməsi baş vermiş sahələrin bərpası və digər zəruri işlər həyata keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, eləcə də aidiyyəti idarə və müəssisələrin rəhbərləri hətta gecə saatlarında belə ərazilərdə olmuş, vəziyyəti yerində qiymətləndirmiş, sakinlərlə daim ünsiyyətdə olmuşdur.
Yerği Kek kəndində qar yağması ilə əlaqədar müəyyən çətinliklər müşahidə olunsa da, vəziyyət kritik deyil. Hazırda kəndə gedən yolun açılması istiqamətində işlər davam etdirilir. Yolun bəzi hissələrində baş vermiş torpaq sürüşməsi aradan qaldırılmış, texnika qar örtüyü olan əraziyə çataraq təmizləmə işlərini davam etdirir. Hazırda kənddə vəziyyət nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Hər hansı ciddi təhlükə və ya nəzarətdən çıxmış vəziyyət mövcud deyil.
Bir daha vətəndaşları rəsmi mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş və şişirdilmiş məlumatlara inanmamağa çağırırıq. Rayon ərazisində baş verən bütün proseslər operativ şəkildə izlənilir və ictimaiyyətə mütəmadi olaraq düzgün və dolğun məlumat verilməsi təmin olunur.
Keçidlər