RİH başçısı ilə əhalinin səmimi görüşləri mövcud problemləri daha dərindən öyrənməyə imkan verir.
Qusar rayonun İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov vəzifəyə təyin olunduğu gündən etibarən mütəmadi olaraq rayonun müxtəlif yaşayış məntəqələrinə gedərək vətəndaşlarla görüş keçirir, sakinlərin problemləri ilə yerində maraqlanır, mövcud vəziyyətlə yaxından tanış olur. Kəndlərə səfərləri zamanı rayon rəhbəri ilk öncə şəhidlərin məzarlarını ziyarət edir, şəhid ailələrinin üzvləri ilə görüşür. Avqust ayının 8-dək RİH başçısı Köhnə Xudat, Hil, Yasab, Piral, Balaqusar, Qalacıq, Gədəzeyxur, İmamqulukənd, Kuzunqışlaq, Quxuroba, Samur, Şirvanlı, Gilahoba, Həzrə, Yuxarı Zeyxur, Mucuq, Xuray, Əniq, Avaran, Aşağı Ləgər, Urva İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərə daxil olan 40-a yaxın kənddə sakinlərlə görüş keçirmiş, əhalini narahat edən müxtəlif məsələlər müzakirə olunmuşdur. RİH başçısı kənd sakinləri ilə görüşlərdə onların arzu və təkliflərini dinləmiş, problemləri ilə tanış olmuşdur. RİH başçısı sakinləri narahat edən məsələləri daim nəzarətdə saxlayacağını bildirmiş, aidiyyəti orqanlarla birgə problemlərin həllinə nail olacağına əminliyini ifadə etmişdir. Əhali ilə mütəmadi görüşlərin keçirilməsini, qaldırılan məsələlərə xüsusi diqqətin göstərilməsini ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin tərkib hissəsi kimi qiymətləndirən yerli sakinlər görüşlərdən razı qaldıqlarını və ölkə rəhbərinə minnətdarlıqlarını dönə-dönə vurğulamışlar.