Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

RİH başçısı rayonun ziyalı qadınları ilə görüşüb

20 dekabr 2024 | 22:41
Dekabrın 20-də Qusar rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun rayonun ziyalı qadınları ilə görüşü keçirilib.
Tədbir iştirakçılarını salamlayan RİH başçısı rayonun ziyalı təbəqəsinin ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini, vətənimizin tərəqqisi, rayonumuzun yüksəlişi istiqamətində çalışdıqlarını qeyd edərək, bu gün qadınların sosial həyatın bütün sahələrində fəal iştirakı üçün şərait yaradıldığını vurğulayıb.
İcra başçısı sakinlərin müxtəlif təbəqələri ilə mütəmadi olaraq belə görüşlərin təşkil edilməsində əsas məqsədin onların fikirlərini öyrənərək tövsiyələrindən faydalanmaq, mövcud problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təklifləri dinləmək olduğunu qeyd edib.
Görüş iştirakçıları rayonda abadlıq-quruculuq işlərinin aparılmasını, əhalinin rahat həyat şəraitinin təmin olunması istiqamətində mütərəqqi addımların atılmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Qeyd olunub ki, bu gün qadınların ictimai-siyasi həyata qovuşması, onların dövlət idarəçiliyində və digər sahələrdə təmsilçiliyi gender bərabərliyi siyasətinin əsas prioritet istiqamətidir. Bu mənada rayon ziyalılarının əsas vəzifəsi müasir gəncliyimizi sağlam ruhda yetişdirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etməkdir.
Diskussiya şəraitində davam edən görüşdə iştirakçılar tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə rast gəlinən problemlər qaldırılıb. Məktəblərdə tibb məntəqələrinin, mövcud psixoloq ştatlarına ixtisaslı kadrların olmaması, bir sıra kəndlərdə tibb məntəqələrinin fəaliyyət göstərməməsi, kənd klublarının istifadəyə yararsız vəziyyətdə olması kimi problemlərin işin keyfiyyətinə mənfi təsir göstərdiyi qeyd olunub.
Rayon İcra Hakimiyyəti başçısı rayonda kadr çatışmazlığının mövcudluğu problemini qaldıran görüş iştirakçılarının diqqətinə çatdırıb ki, rayonda tibb kollecinin filialının açılması istiqamətində işlər aparılır.
Görüşdə həmçinin rayonun mədəni mühitinin yüksəldilməsi və qadın sahibkarlığının inkişafı istiqamətində birlikdə fəaliyyətin vacibliyi vurğulanıb.
Keçidlər