RİH başçısının Köhnə Xudat kəndində vətəndaşların səyyar qəbulu keçirilib
06 avqust 2025 | 18:35
Ölkə başçısı tərəfindən hər zaman vətəndaş məmnunluğu məsələsi ön planda tutulur. Qusar rayonunda da bu prinsip gözlənilir, vətəndaş amili önə çəkilir. RİH başçısı tərəfindən vaxtaşırı olaraq həm İcra Aparatında, həm də yerlərdə keçirilən görüşlər bunun bariz nümunəsidir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun növbəti səyyar qəbulu avqustun 6-da rayonun Köhnə Xudat kəndində baş tutub. Qəbulda həmçinin İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbər şəxsləri və kənd sakinləri iştirak ediblər.
Görüşdə vətəndaşlar tərəfindən qaz xəttlərinin çəkilməsi, içməli su çatışmazlığı, istismara yararsız vəziyyətə düşmüş elektrik dirəklərinin yenilənməsi, mənzillə təminat və digər məsələlərlə bağlı müraciətlər edilib. Sakinlər həmçinin Köhnə Xudat kənd tam orta məktəbinə asfalt yolun çəkilməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Bütün müraciətlər dinlənilib və vətəndaşlara müvafiq izahatlar verilib. Qeyd edilib ki, cari ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Bənövşə gölünün bərpası məqsədilə dövlət büdcəsindən vəsait ayrılıb. Layihə çərçivəsində gölün hidrotexniki bərpası həyata keçiriləcək və nəticə olaraq bölgənin 6 yaşayış məntəqəsinə, o cümlədən Köhnə Xudat kəndinə dayanıqlı içməli su təchizatı üçün yeni xətlər çəkiləcək.
Səyyar qəbulda qaldırılan məsələlərin mərhələli şəkildə araşdırılaraq həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






