"Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
16 aprel 2026 | 18:02
Qusar rayonunda cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də gənclər və şagirdlər arasında aktual sosial mövzular üzrə maarifləndirmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır. Belə maarifləndirici tədbirlər gənc nəslin düzgün tərbiyəsinə və ictimai şüurun inkişafına xidmət edir. Aprelin 14-də rayonun Quxuroba kənd tam orta məktəbində "Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd ailə institutunun daha da möhkəmləndirilməsi, ailə dəyərləri və ənənələrinə, milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ edilməsi olmuşdur.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov və digər natiqlər Azərbaycanda dövlət-ailə siyasətinin formalaşmasının Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına diqqət və qayğı göstərdiyini diqqətə çatdırmışdır. Tədbirdə milli-mənəvi dəyərlərin və ailə dəyərlərinin gənc nəslə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, uşağın şəxsiyyət kimi inkişafında ailə tərbiyəsinin rolu haqqında müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, ailə institutunun möhkəmləndirilməsində dini və dünyəvi dəyərlərin vəhdətinin balansının qorunması cəmiyyətin sosial sabitliyinin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasının əsas təminatlarından biridir. Ailə mühitində bu dəyərlərin düzgün şəkildə tətbiqi gənc nəslin milli kimlik ruhunda tərbiyə olunmasına, həmçinin sağlam ictimai davranış modelinin formalaşmasına mühüm töhfə verir.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılmış, ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl siyasətə uyğun olaraq bu sahədə maarifləndirmə tədbirlərinin davamlı şəkildə aparılmasının vacibliyi vurğulanmışdır.






