"Sədəf" tamaşası teatrsevərlərə təqdim olunub
Azərbaycanın istənilən guşəsində incəsənətə, o cümlədən ən təsirli sənət növlərindən biri olan teatr sənətinə hörmətlə yanaşılır. Qusar rayonu da mədəniyyəti, incəsənəti, mənəvi irsi ilə seçilən bölgələrimizdən biridir. Milli teatr prosesində fəal iştirak edən Qusar Dövlət Ləzgi Dram Teatrı rəngarəng tamaşaları ilə çıxış edərək Azərbaycanın milli teatr mədəniyyətini və bədii irsimizi təbliğ edir.
Yanvarın 24-də Qusar Dövlət Ləzgi Dram Teatrında Asəf Mehmanın "Sədəf" tamaşası səhnələşdirilib.
Tamaşadan əvvəl Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov teatrın sərgisinə baxış keçirib, kollektivin mükafat və təltifləri ilə tanış olub.
Tamaşa zəhmətlə bağlı kollektivçilik, dostluq, qardaşlıq münasibətləri üzərində formalaşan, insanları yaxınlaşdıran, doğmalaşdıran maraqlı əmək bayramlarının birinin təsviri ilə başlanır.
Tamaşada hadisələr Qusar rayonunun dağ kəndlərinin birində təhsilini başa vurub doğma kəndinə qayıdan gənc Həmzəbəyin uşaqlıqdan sevdiyi qonşu qızı Sədəfə olan saf məhəbbəti uğrunda mübarizəsi üzərində qurulmuşdur.
Bədii tərtibatı, dolğun rejissor işi, peşəkar aktyor oyunu ilə seçilən tamaşa tamaşaçılar tərəfindən maraqla izlənilib.
Tamaşanın sonunda teatrın rəhbəri başda olmaqla bütün kollektivinə yeni yaradıcılıq uğurları arzu edən icra başçısı rayon mədəniyyətinin inkişafı istiqamətində səylə çalışan Qusar Dövlət Ləzgi Dram Teatrına göstərilən diqqət və dəstəyin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən "Bölgə Teatrlarının Bakı Premyeraları" adlı layihədə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi şair, dramaturq Asəf Mehman oğlu Abdullayevin qələmə aldığı “Sədəf” tamaşasının uğurlu təqdimatına görə diplom ilə təltif olunmuşdur.