Şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin bir sinfinin bütün məzunları tələbə adını qazanıb
26 avqust 2026 | 11:25
2025–2026-cı tədris ilində Qusar rayonunun ümumtəhsil məktəblərini başa vuran məzunlar yüksək nəticələr göstəriblər. Rayon məktəbləri üzrə əldə olunan uğurlar sırasında Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin rus bölməsinin 11a sinfinin nəticələri xüsusilə fərqlənir. Belə ki, sinfin 20 məzununun hər biri ali təhsil müəssisələrinə qəbul olub. Bu yüksək nəticə təsadüfi deyil. Sinfin rəhbəri Qumru Çiqniyevanın sözlərinə görə, sinif kimya-biologiya təmayüllü olub. Şagirdlər I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarına hazırlaşıblar. Sinfin məzunlarından üçü orta məktəbi fərqlənmə attestatı ilə başa vurub və yüksək balla ali məktəbə qəbul olub. Bir məzun 600-dən, 4 məzun 500-dən, 5 məzun isə 400-dən çox bal toplayıb.
Məzunların ibtidai sinif müəllimi Məlahət İbrahimova da yetirmələrinin uğurundan qürur hissi keçirdiyini bildirib. O qeyd edib ki, ibtidai sinifdə dərs dediyi illərdə şagirdlərin fəal, öyrənməyə həvəsli uşaqlar olduğunu müşahidə edib, onların hər birinin uğur qazanacağına inanıb. Onun sözlərinə görə, ibtidai təhsil mərhələsində əsas məqsəd yalnız şagirdlərə oxumağı, yazmağı və hesablamağı öyrətmək deyil, onların gələcək təhsili və həyatı üçün möhkəm təməl formalaşdırmaqdır.
Yeni tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini bu nailiyyət münasibətilə təbrik edir, məzunlara gələcək təhsil həyatlarında uğurlar arzu edirik!






