“Şəhərdən Kəndə” və “AFAQ” layihələri çərçivəsində Qusarda aqroturizm üzrə təlimlər keçirilib
6 noyabr 2024-cü ildə Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində “Aqrar tədarük və təchizat” ASC-nin nümayəndələri tərəfindən "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə rayonda aqroturizmin inkişafı, yeni məşğulluq imkanlarının yaradılması və ailə bizneslərinin dəstəklənməsi məqsədi ilə “Şəhərdən Kəndə” və “AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” sosial layihələri üzrə təlimlər keçirilib.
Təlimdə iştirakçılara aqroturizmin əsas prinsipləri, aqroturizm fəaliyyətlərinin icrası, təhlil və strategiya metodları, marketinq alətlərindən effektiv istifadə, biznes planının hazırlanması və digər mövzular üzrə məlumat verilib, aqroturizmdə qonaqpərvərlik, qidalanma və təmizlik işinin təşkili kimi mövzularda müzakirələr aparılıb.
“Şəhərdən Kəndə” layihəsinin keçirilməsində məqsəd kənd turizmini inkişaf etdirmək, kəndli-fermerlər üçün əlavə gəlir mənbələri və məhsullarını yerindəcə gəlirə çevirmə imkanı yaratmaq, fermerlərin bu sahədə bilik və bacarıqlarının, eləcə də regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, şəhər sakinləri və xarici turistlər üçün isə fərqli turizm imkanlarının yaradılmasıdır.
“AFAQ-Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” sosial layihəsi isə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir. Layihənin əsas məqsədi qadınların biznes, marketinq, ticarət sahələrində bacarıqlarını inkişaf etdirməklə onları kənd təsərrüfatı sahəsində biznes qurmağa, idarə etməyə, sahibkarlığa təşviq etməkdir. Bu baxımdan “AFAQ” layihəsi çərçivəsində kənd təsərrüfatı fəaliyyətində aktiv iştirakı olan və fəaliyyətini böyütmək istəyən qadın fermerlərə dəstək tədbirləri həyata keçirilir.