Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə növbəti görüş keçirilib
19 mart 2025 | 18:10
Bu gün Azərbaycanda şəhid ailələri, qazilər, müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Respublikamızın hər bir yerində olduğu kimi, Qusar rayonunda da əhalinin həssas təbəqəsini təşkil edən şəxslər qayğı ilə əhatə edilmişdir. Onlarla mütəmadi olaraq görüşlər keçirilir, problemlərinin həlli istiqamətində işlər görülür.
Martın 19-da Qusar rayon İcra Hakimiyyətində icra başçısının şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə növbəti görüşü keçirilmişdir. Görüşdə Milli Məclisin deputatı Azər Badamov, RİH başçısı Aparatının məsul şəxsləri, müvafiq idarə, müəssisə rəhbərləri iştirak etmişdir. Əvvəlcə şəhid övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov görüş iştirakçılarını Novruz və qarşıdan gələn Ramazan bayramları münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
İcra başçısı şəhid ailələrinin təminatı, həyat şəraitlərinin yaxşılaşdırılması, problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət siyasətindən, göstərilən diqqət və qayğıdan söz açıb. Hər zaman onlara dəstək olacağını bildirən rayon rəhbəri şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Ev növbəsinin qeydiyyatında olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun qorunması ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin, şəhid ailələrinin və imtiyazlı digər şəxslərin mənzillə təmin edilməsi üçün inşa ediləcək binanın sənədləşmə işlərinin yekunlaşmaq üzrə olduğunu bildirən icra başçısı daha sonra onların müraciətlərini dinləyib, problemlərinin həlli istiqamətində tapşırıqlarını verib.
Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə və Qusar rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.