Şəhid Əlimuradov Cumart Şixrəhim oğlunun anım mərasimi keçirilib
08 oktyabr 2025 | 17:55
Şəhidlik ən uca zirvə, vətənpərvərliyin ən ali məqamıdır. Bu zirvəni fəth edənlərin ömürləri ölümsüzlükləri ilə ölçülür. Doğma Vətən torpağı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini daim uca tutmaq, adlarını əbədiləşdirmək hər birimizin vətəndaşlıq borcudur.
Oktyabrın 8-də Qusar rayonunun Urva kəndində şəhid Əlimuradov Cumart Şixrəhim oğlunun anım mərasimi keçirilib. Şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləyib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Şəhid Əlimuradov Cumart Şixrəhim oğlu 31 may 2001-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. 8 oktyabr 2020-ci ildə Qusar rayonunun Urva kəndində dəfn olunmuşdur.
Ölümündən sonra “Laçının azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.






