Şəhid Famil Pirvələdovun xatirəsi yad edilmişdir
02 noyabr 2026 | 10:24
Oktyabrın 31-də rayonun Yuxarı Zeyxur kəndində Vətən müharibəsi şəhidi Famil Teyfur oğlu Pirvələdovun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilərək əziz xatirəsi yad edilmişdir.
Şəhid Pirvələdov Famil Teyfur oğlu 1995-ci ilin mayın 30-da Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Famil Pirvələdov Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Şəhid oktyabrın 31-də doğulduğu Yuxarı Zeyxur kəndində dəfn edilmişdir.
Vətən qarşısında xidmətlərinə görə şəhid Famil Pirvələdov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.






