Şəhid İlyas Niftəliyevin xatirəsi yad edilib
17 oktyabr 2026 | 16:38
Oktyabrın 17-də Vətən müharibəsi şəhidi İlyas Niftəliyevin anım günü ilə əlaqədar Bədirqala kəndində şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Şəhid İlyas Güloğlan oğlu Niftəliyev 1999-cu il aprelin 12-də Qusar rayonunun Bədirqala kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun leytenantı olmuş İlyas Niftəliyev Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 14-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən şəhid İlyas Niftəliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






