Şəhid Malik Xeyirbəyovun xatirəsi yad edilmişdir-2026
30 oktyabr 2026 | 17:46
Oktyabrın 30-da Qusar rayonunun Cibir kəndində Vətən müharibəsi şəhidi Malik Samik oğlu Xeyirbəyovun xatirəsi yad edilmişdir. Şəhid Malik Xeyirbəyovun və digər şəhidlərin məzarları önünə gül dəstələri düzülərək Vətən qarşısında xidmətləri minnətdarlıqla xatırlanmışdır.
Şəhid Xeyirbəyov Malik Samik oğlu 2002-ci ilin martın 19-da Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Malik Xeyirbəyov Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmiş, Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə vuruşmuşdur. Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş, oktyabrın 30-da doğulduğu Qusar rayonunun Cibir kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Malik Xeyirbəyov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.






