Şəhid Oleg Cəfərov və şəhid Murad İskəndərovun məzarları ziyarət edilib
21 sentyabr 2026 | 09:30
Sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Cəfərov Oleg Qlıç oğlu və İskəndərov Murad Əlağa oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümündə məzarları ziyarət olunub. Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid anaları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Məzarlar üzərinə gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi dərin ehtiramla yad edilib.
Şəhid Oleg Cəfərov 1989-cu il noyabrın 4-də Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. Oleg Cəfərov 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı gedən döyüşlərdə şəhid olmuş, sentyabrın 22-də doğulduğu İmamqulukənd kəndində torpağa tapşırılmışdır. Vətən qarşısında xidmətlərinə görə Oleg Cəfərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhid Murad İskəndərov 2004-cü il martın 27-də Qusar rayonunun Çiləgir kəndində anadan olmuşdur. Murad İskəndərov 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri zamanı gedən döyüşlərdə şəhid olmuş, sentyabrın 20-də doğulduğu Çiləgir kəndində dəfn edilmişdir. Vətən qarşısında xidmətlərinə görə Murad İsgəndərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






