Şəhid Rəsul Qazımətovun xatirəsi yad edilmişdir
21 oktyabr 2026 | 17:25
Oktyabrın 21-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq qəhrəmancasına şəhid olmuş Rəsul Kəmaləddin oğlu Qazımətovun şəhadətə ucalmasının ildönümü ilə əlaqədar doğulduğu Qusar rayonunun Qayakənd kəndində məzarı ziyarət olunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Rəsul Qazımətov 2001-ci il iyunun 14-də rayonun Qayakənd kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Rəsul Qazımətov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 2020-ci il oktyabrın 14-də Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış, oktyabrın 21-də doğma kəndində torpağa tapşırılmışdır.
Vətən qarşısındakı xidmətlərinə görə şəhid Rəsul Qazımətov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






