Şəhid Sərraf İmaməliyevin xatirəsi yad edilmişdir
07 noyabr 2025 | 18:18
Qarabağ zəfəri Azərbaycan tarixinin əzəmətli və unudulmaz səhifələrindən biridir. 44 gün davam edən bu müharibədə Azərbaycan Ordusu erməni işğalında olan Qarabağ torpaqlarını azad edərək tarixi ədaləti bərpa etmişdir. Bu müqəddəs missiyada əsas pay sahiblərindən olan şəhidlərimizin xatirəsi Qusar rayonunda da hər zaman uca tutulur.
Noyabrın 7-də Qusar rayonunun Əniq kəndində II Qarabağ müharibəsi şəhidi Sərraf Murtuzəli oğlu İmaməliyevin anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, məzarı üzərinə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid İmaməliyev Sərraf Murtuzəli oğlu 10 sentyabr 1996-cı ildə Qusar rayonunun Əniq kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun leytenantı olmuş Sərraf İmaməliyev 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur. 8 noyabr 2020-ci ildə Qusar rayonunun Əniq kəndində dəfn olunmuşdur.
Şəhid ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.






