Şəhid Tural Əhmədovun anım mərasimi keçirilmişdir
23 oktyabr 2026 | 18:19
Azərbaycan xalqı Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi unutmur, xatirələrini hər zaman uca tutur. Şəhid Tural İzətulla oğlu Əhmədov da belə qəhrəman Vətən övladlarından biri olmuşdur.
Şəhid Tural İzətulla oğlu Əhmədov 2001-ci ilin iyun ayının 5-də Qusar rayonunun Mucuq kəndində dünyaya gəlmişdir. Azərbaycan ordusunun sıralarında əsgər kimi xidmət etmiş Tural Əhmədov Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 22-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş, oktyabrın 23-də rayonun Mucuq kəndində dəfn edilmişdir.
Şəhidin göstərdiyi qəhrəmanlıq və şücaət yüksək qiymətləndirilərək, şəhid Tural Əhmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Oktyabrın 23-də Qusar rayonunun Mucuq kəndində şəhid Tural Əhmədovun və digər şəhidlərin məzarları ziyarət edilmiş, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilmişdir.






