"Sərhəd" hərbi-idman oyunlarında "Zeyxur" komandası növbəti dəfə parlaq qələbə qazanıb
06 may 2026 | 19:03
Cari ilin 28 aprel – 06 may tarixlərində Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi keçirilmişdir.
Hərbi-idman oyunlarında respublikanın 36 rayon və şəhərindən 181 ümumtəhsil məktəbinin 905 şagirdi iştirak etmişdir.
Yarışın final mərhələsinin nəticələrinə əsasən Qusar rayon Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin “Zeyxur” komandası final mərhələsinə vəsiqə qazanmış 11 komanda arasında II yerdə qərarlaşmışdır.
Yarış müddətində iştirakçılar sərhədçilərin xidməti-döyüş fəaliyyəti və məişət şəraiti ilə yaxından tanış olmuş, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi bilik və idman yarışlarında fəal iştirak etmişlər.
Bu parlaq qələbə münasibətilə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından rayonun idman ictimaiyyətini, Yuxarı Zeyxur kənd tam orta məktəbinin kollektivini, “Zeyxur” komandasının bütün üzvlərini ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.






