Səyyar vətəndaş qəbulları davam etdirilir- iyun 2026
12 iyun 2026 | 08:50
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu rayonun Yuxarı Qələnxur kəndində keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul zamanı sakinlər tərəfindən müxtəlif sahələri əhatə edən bir sıra məsələlər qaldırılıb. Ən aktual problemlər sırasında içməli və suvarma suyunun çatışmazlığı, istismar müddətini başa vurmuş elektrik xəttləri və dirəklərinin yenilənməsinə dair müraciətlər səsləndirilib. Kəndin bəzi məhəllələrində elektrik enerjisinin gərginliyinin zəif olması, kənd tibb məntəqəsində ixtisaslı tibb işçisinin olmaması səbəbindən məntəqənin fəaliyyət göstərməməsi kimi məsələlər də sakinlərin müraciətləri sırasında yer alıb.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, sakinlərə məsələlərin mahiyyəti izah olunub. Bildirilib ki, qaldırılan məsələlər araşdırılaraq, mərhələli şəkildə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Rayonun yaşayış məntəqələrində vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə səyyar qəbulların keçirilməsi mütəmadi xarakter daşıyır.
Səyyar qəbuldan sonra rayon icra hakimiyyətinin başçısı Yuxarı Qələnxur kəndində inzibati ərazi dairəsi üzə nümayəndəliyin binasına, həmçinin klub və poçt binalarına baxış keçirib.






